“NUŞCAN” DEMƏKDİR
Teymur Ləng şəhərə gəlib bir qonaqlıq verir. Qonaqlıqda hökumət
adamları və şəhərin dövlətliləri iştirak edirlər. Molla da bu qonaqlıqda
olur. Teymurun qorxusundan heç kəs ağzını açıb danışa bilmir. Ortalığa
şərbət gətirirlər. Əvvəlcə Teymur şərbəti alıb içir. Dövlətlilərdən
biri yaltaqlanaraq "nuşcan!" demək istəyir. Lakin özünü itirərək çaşıb
"mərhəba!" deyir. Teymur yersiz deyilən bu “mərhəba”dan qəzəblənib
üzünü ona tərəf döndərir. Kişi özünü lap itirir. İşi belə görən Molla tez
deyir:
– Qəzəblənmə, qibleyi-aləm! Bizim şəhərdə "mərhəba" "nuşcan"
deməkdir.