Bir zalım şah varmış. Bu şahın zülmü ərşə dayanıbmış. Vəzirvəkili
də onun əlindən baş götürüb dağlara qaçıbmış.
Şahın xəzinəsində qızıl, gümüş, cavahirat ildən-ilə artdıqca ölkə
xarabazarlığa çevrilirmiş. Kotan tutmalı, əkin əkməli olan əllər qılınc,
nizə, qalxan tuturmuş.
Şah bir gün yenə də şeypurları səsləndirdi. Ən ucqar kəndlərə
də yasavulların göndərib yenicə ərsəyə gəlmiş cavanları səfərbərliyə
almağı tapşırdı. Ordugahlar quruldu, döyüşə hazırlıq işləri görülməyə
başladı. Qoca bir qarının da bircə nəvəsi var imiş. Yenicə
ərsəyə çatıbmış. Qarı nəvəsinə toy tədarükü görürdü ki, dünyadan
nəvə toyu görməmiş köçməsin. Onun nəvəsini də zorunan düşərgəyə
gətirib şahın döyüşçüləri arasına qatırlar. Atalar “dövlətdə
dəvə, övladda nəvə” deyiblər. Qarı çox çalışır ki, nəvəsini davaşavadan
qurtarsın, bir şey çıxmır. Odur ki, üz tutub şahın çadır qurub
oturduğu yerə gedir. Keşikçilər qarını şahın yanına buraxmaq istəmirlər.
Qarı yalvar-yaxar eləyir. Onun səsi şahın qulağına çatır.
Şah deyir:
– Qarını mənim yanıma gətirin.
Keşikçilər qarını şahın yanına gətirirlər. Şah bir ayağı burda,
biri gorda olan qarının istəyini bilib qəzəblənir:
– Bəxtin kəsib. Səfər üstəyəm, istəmirəm səfər üstündə əlimi
sənin qanına batırım. Mən adlı pəhləvanları, ordular basan, ölkələr
tutan sərkərdələri bir həmlədə qanına qəltan edirəm. Mənə dua et,
uğur dilə. Alqış elə ki, səfərdən əli dolu qayıdım. Səni bağışlayım.
Qarı deyir:
– Qibleyi-aləm, mən bağışlanmağımı istəmirəm. Mənə toy tədarükünə
hazırladığım nəvəm lazımdır. Onu zorla sən döyüşçülərin
sırasına qatdırmısan. Mən qarıya yazığın gəlsin. Ata, qardaş, oğul,
qız dağı görmüş sinəmə nəvə dağı çəkmə.
Şah güldü:
– Qarı, cın-cındırınlamı toy tədarükü görürsən? Sən mənə minnətdar
olmalısan ki, nəvəni döyüşə aparıram. Nəvən fərasətli olsa,
hünər göstərsə çapıb-talayıb sərvət yığar. Geri qayıdandan sonra o
sərvətlə özünə toy elər.
– Şah sağ olsun, nahaq qan bahasına əldə edilmiş var-dövlət nə
mənə, nə də mənim gəlinimə lazımdır. Belə sərvət heç kimə ağ
gün gətirməz. Gəl, qayıt bu yoldan. Axıtdığın qanlar, haqsız axan
göz yaşları selə dönüb bir gün səni yer üzündən silər.
Qarının sözlərini eşitcək şahın halı dəyişdi. Hirsindən əlləri titrədi,
gözləri hədəqədən çıxdı. Vəzir, vəkil, adlı-sanlı sərkərdələr
onun sözünün qabağında söz deməyə cürət etmirdilər. İndi dilənçi
bir qarı ona ağıl öyrədirdi, özü də harada. Sərkərdələrin, əyanların
yanında. Şah var gücüylə çığırdı:
– Cəllad, bu qarını bir qatırın quyruğuna bağla!
Qarı nə əzab-əziyyətdən, nə də ölümdən qorxdu. Səsini qaldırıb
dedi:
– Şah, ulu babaların da sənin kimi qəddarlıq elədiyindən yadellilər
yurduna hücum çəkəndə qoşunun sayı düşməndən çox olsa da
basıldı. Babanla atan vətəndən didərgin düşüb, qürbətdə öldü. Sən
də kimsəsiz bir gədə kimi dilənçi kökündə yaşayırdın. Yadellilərə
nifrət vətən övladlarına ulu babanın qəddarlığını unutdurdu, düşməni
qovmaq üçün elin hər yerində dəstələr düzəltdilər. Ağsaqqalların
məsləhətiylə atam gedib səni yad ölkədən gətirdi. Hamının
qarşısında and içdin ki, ağsaqqallarının məsləhətiylə oturubduracaqsan.
El ayağa qalxdı, yadelliləri qovdu. Amma sən verdiyin
vədləri unutdun. Şahlıq taxtında yerini bərkidəndən sonra döyüşlərə
hazırlaşdın. Xalqın başını aldatdın ki, öldürülmüş qardaşlarımızın,
əsir aparılmış ana-bacılarımızın qisasını almağa gedirsən.
Döyüşlərdə ölən igidlərin qanı bahasına sən xəzinələr, torpaqlar
ələ keçirdin, qan içməkdən, ölkələr talamaqdan doymadın.
Qarı qəddarlaşmış şahı heç cür qarşıdakı döyüşdən çəkindirə
bilmədi. Üz tutdu dağlara. Ulu Tanrıya yalvardı ki, şahın bu səfərinə
imkan verməsin. Onun ləl-cavahiratını, qızıl-gümüş xəzinəsini
daşa-torpağa çevirsin.
Göy guruldadı, şimşək çaxdı, aləm bir-birinə qarışdı. Şah qoşuna
bu uğursuz yerdən uzaqlaşmağı əmr elədi. Xəzinəni yükləmək istəyəndə
gördülər cavahirat, qızıl hamısı daşlara dönüb.
Həmin gündən bu yerlərə “Xəzinə qaya” deyilməyə başladı.