Deyirlər ki, qədim zamanlarda yer üzündə iki dev varımış. Bu
devlərin biri Məğribdə, o birisi Məşriqdə yaşayırmış. Bunlar qoldaqüvvətdə
bir-birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən
dəm vurub “mənəm-mənəm” deyərmiş.
Onlar bir-birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş.
“İki qoçun başı bir qazanda qaynamaz!” – deyib,
Naxçıvanda görüşmək qərarına gəlirlər.
Uzun səfərdən sonra onlar Naxçıvanda üz-üzə durub vuruşmağa
başlayırlar. Vuruşları çox çəkir, heç biri üstün gələmmir. Bu
minvalnan xeyli vuruşurlar, di gəl bir şey çıxmır.
Devlər qurşaq tuturlar, genə bir-birini yıxammırlar. Axırda toppuz
vuruşuna keçirlər. Sən demə, bu devlərdən biri qadınmış, o biri
kişi. Amma bu məsələdən kişi devin xəbəri yoxuymuş. Toppuz vuruşu
da çox bərk gedir. Birinci, ikinci vuruşda toppuzlar göydə çox
toqquşur. Üçüncü vuruşda toppuzu bir-birinin başına endirə bilirlər.
Qadın devin toppuzu kişi devin başın haçalayır, kişi devin toppuzu
da nə təhər bərk dəyirsə, qadın dev uşaq salmalı olur. Həm də zərbələrini
bərk vurduqlarından bir-birindən aralı düşürlər. Kişi dev
öz əməlindən peşman olur, yaralı-yaralı başını qaldırır ki, qadın
devi görsün, amma qadın dev çox aralı düşmüşmüş.
Devlərin vuruşu göylərə xoş getmir. Hər iki devi Tanrı daşa
döndərir. Üstündən xeyli keçəndən sonra devlər iki dağa dönüb
aralıdan bir-birinə baxırlar.
O vaxtdan kişi dev “Haça dağ”, qadın dev isə “Ağrı dağ” adıyla
tanınır. Ağrı dağın yanında balası da var.