Deyirlər ki, Teymur Ləng bir müddət Molla Nəsrəddini öz sarayında
saxlamışdır. Həmən günlərin birində hansı xarici ölkədənsə
Teymurun sarayına bir elçi gəlir. Teymur Ləng şikarda olduğu üçün
vəzir elçiyə xüsusi dairə ayırıb tapşırır ki, ona lazımınca hörmət eləsinlər.
Aşpaz elçiyə hər gün kəklik, turac, qırqovul ətindən xörəklər hazırlayır.
Bir gün, beş gün, axırda elçi quş əti yeməkdən yorulur. Könlünə
mal əti düşür.Aşpazı çağırıb öz dillərində nə qədər deyirsə, başa sala
bilmir. Xəbər gedib vəzirə çatır. Vəzir Molla Nəsrəddini çağırır ki:
– Molla, yenə də bizim hamımızdan sən yaxşısan. Get gör, o qonaq
nə istəyir?
Molla elçinin yanına gəlib, işarə ilə nə istədiyini soruşur.
Elçi başlayır danışmağa. Ancaq nə qədər deyirsə, Molla da bir şey
başa düşmür. Axırda elçi əllərini buynuz kimi tutaraq gicgahlarına dayayır,
özü də öküz kimi böyürür. Molla heç bir söz deməyib bir baş
vəzirin yanına gəlir. Vəzir soruşur:
– Hə, nə oldu? Qonaq nə istəyir?
Molla deyir:
– Vallah, qonağın sözlərindən bir şey başa düşmədim. Amma axırda
əllərini elə tutdu, elə səs çıxartdı ki, mən anladığım, deyəsən, padşah həzrətlərini istəyir.
|