Bir gün Teymur Ləng Molladan soruşur ki:
– Molla, üzr bədtər əz günah nə deməkdi?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bu, fars sözüdü. Mənası budur ki, üzrü
günahından pis.
Teymur deyir:
– Başa düşmürəm. Necə yəni üzrü günahından pis?
Molla deyir:
– Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir
ki, görmüş olduğu işdən də pis olur.
Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru
başa sala bilmir. Axırda Teymur hirslənib deyir:
– A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən
onu mənə başa sala bilmirsən. Bax, sənə yüzü sayınca möhlət verirəm.
Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.
Molla heç bir söz deməyib Teymura yaxınlaşır. Onun böyründən
möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə
dönür ki:
– Dəli olmamısan ki? Nə qayırırsan?
Molla baş əyib deyir:
– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm,
sən də bizim arvadsan.
Teymur qışqırır ki:
– Nə danışırsan?
Molla deyir:
– Hirslənmə, qibleyi-aləm! Üzr bədtər əz günah bax budur!
Molla Nəsrəddin Lətifələri
|