Günlərin birində Teymur Ləng haraya isə basqına hazırlaşır. Ordu
yola düşən günü Mollaya deyir:
– Sən də dur hazırlaş! Bəsdir yeyib-yatdın... Bu dünya dil dünyası
deyil, əl dünyasıdır. Mənimlə müharibəyə gedəcəksən.
Molla nə qədər əlləşirsə, yaxasını qurtara bilmir. Axırda gedib bir
dənə kaman tapıb keçirir boynuna, eşşəyini də minib gəlir Teymurun
hüzuruna. Teymur doyunca güldükdən sonra soruşur:
– A kişi, bu eşşək nədir? Bir at tapa bilmədin minəsən?
Molla deyir:
– Mümkün olmadı, qibleyi-aləm! Eşşək qoymadı ki, qoymadı.
Deyir, nədən qibleyi-aləm səndən ayrı dura bilmir, mən də ayrı dura
bilmərəm. Hara getsən gərək mən də gedəm.
Teymur başa düşür ki, Molla daşı hara vurur, camaat içində açıbağartmaq
istəmir. Deyir:
– Yaxşı, görürəm boynunda kaman var. Amma deyəsən oxun yoxdur.
Molla deyir:
– Xeyir, yoxdur.
Teymur deyir:
– Bəs düşmənə nə atacaqsan?
Molla deyir:
– Onların atdıqları oxları götürüb özlərinə atacağam.
Teymur deyir:
– Qəribə ağılsız adamsan... Bəlkə düşmən heç bizə ox atmadı?
Molla deyir:
– Düşmən bizə ox atmasa, demək dava da olmayacaq da... Onda
daha oxu neyləyirəm?
Molla Nəsrəddin Lətifələri
|