Deyirlər ki, Teymur Ləngin yanında işlədiyi günlərin birində belə 
bir əhvalat olur: 
Dövlətli bir adamın öz qonşusunun bağçasına gözü düşmüş imiş. 
Çalışırmış ki, birtəhər bağçanı qonşusunun əlindən çıxarıb yiyələnsin. 
Qonşu da satmırmış ki: 
– Yox, qonşu! Mən bağçamı satmayacağam. Ona görə ki, onu belə 
boya-başa çatdırmaq üçün mən çox zəhmət çəkmişəm. İndi bu dar 
dünyada varım-yoxum bircə bu bağçadır. Heç olmazsa gündə bir dəfə 
gəzib fərəhlənirəm. 
Dövlətli baxır ki, qonşu özxoşuna qalsa bağçadan əl çəkməyəcək. 
O qiymətə ki, bağçanı almaq fikrində imiş, aparıb qabaqcadan şəhər 
hakiminə, məhkəmə işçilərinə, sarayın baş vəzirinə rüşvət verir. Sonra 
belə bir məsələ qaldırır: "Mən yuxuda görmüşəm ki, mənim qonşumun 
rəhmətlik atası mənim atama yüz qızıl borclu imiş. İndi mən tələb 
edirəm ki qonşum ya mənim borcumu versin, ya da bağçasını əlindən 
alıb mənə verəsiniz". 
Kişini məhkəməyə çağırırlar. Yazıq nə qədər "ədalət, ədalət" deyib 
yalvarırsa, bir şey çıxmır. Məhkəmə qərar çıxarır, kişinin bağçasını 
əlindən alırlar. 
Kişi şəhər hakiminə şikayət eləyir, hakim də məhkəmənin tərəfində 
dayanıb, qərarı təsdiq edir. Kişi götürüb işi Teymura verir. Teymur 
da baş vəzirə tapşırır ki, o, şikayətə baxsın, hökm versin. Dövlətli 
qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. Yazıq kişinin 
hər yerdən əli çıxır.Məhəllə adamları kişiyə məsləhət görürlər 
ki, gedib əhvalatı Molla Nəsrəddinə desin. Bu işə çarə, olsa-olsa Molla 
Nəsrəddindən olacaq. 
Kişi günlərin birində Mollanın yanına gəlir, əhvalatı necə ki, olub 
Mollaya danışır. 
Molla deyir: 
– Heç fikir eləmə! Səhər lap tezdən, hələ ala-qaranlıqdan gələrsən 
Teymurun sarayının yanına. Bağçanı lap eşşəkdən palan alan kimi 
alıb verərəm özünə. 
Səhər tezdən kişi sarayın yanına gəlir. Görür ki, Molla çuxasının 
ətəyini sancıb belinə, əlində qazma, sarayın divarının dibini qazır. Kişi 
məəttəl qalıb soruşur: 
– Ay Molla, nə eləyirsən? 
Molla deyir: 
– Götür qazmanı, külüngü, kömək elə! İndi sənin bağçan buradan 
çıxacaq. 
Kişi fikirləşir ki, Molla yəqin dəli olub. Molla gülüb deyir: 
– Başa düşürəm. Sən elə bilirsən ki, mən dəli olmuşam. Ancaq 
dəli-zad olmamışam. Gərək bunlarla elə-belə rəftar eləyəsən! Götür 
külüngü! 
Kişi də bir külüng götürüb başlayır Mollaya kömək eləməyə. 
Sən demə, bura Teymurun yataq otağının divarı imiş. Teymur tappatappa 
oyanır. Saray adamları vəlvələyə düşür. Çıxıb baxırlar ki, Molla 
divarın dibini o qədər qazıb ki, az qala uça. Gəlib Teymura xəbər 
verirlər. Teymur özü durub gəlir ki: 
– A kişi, dəli-zad olmamısan ki?.. Nə qayırırsan? 
Molla deyir: 
Qibleyi-aləm, yuxuda görmüşəm ki, mənim rəhmətlik dədəm burada 
yeddi küp qızıl basdırıb. Sən də götür külüngü, gəl qazaq! Yarısı 
sənin, yarısı mənim. 
Teymur deyir: 
– A kişi, dəli olma! Çıx bayıra! Bu saray neçə yüz il bundan qabaq 
tikilib. Onda sənin dədənin heç babası da anadan olmamışdı. 
Molla deyir: 
– Bilirəm, qibleyi-aləm sağ olsun! 
Teymur deyir: 
– İndi ki, bilirsən, bəs niyə qazırsan? 
Molla deyir: 
– Ona görə qazıram ki, yuxuda görmüşəm. 
Teymur deyir: 
– Ay axmaq bəyəm yuxuda görülən şeylərin hamısı doğru olar?! 
Molla belini düzəldib deyir: 
– Hə!.. Bax, elə mən istəyirdim ki, sən bunu deyəsən... İndi qulaq 
as!.. 
Molla başlayıb əhvalatı Teymura danışır. Axırda da belə bir sual 
verir: 
– İndi de görüm, gərək dövlətlilərin, varlıların, iş başında olanların 
yuxuları doğru ola, kasıb-kusubunku yalan? 
Teymur söz tapa bilmir. Molla külüngünü yenə də işə salıb deyir: 
– Belədi, qibleyi-aləm! Ya bu saat məhkəmənin hökmünü ləğv 
elə, o adamlara cəza ver, bu kişinin bağçasını qaytar özünə, ya da ki, 
mən qızıl tapana qədər qazacağam. 
Teymur hökmü ləğv eləməyə məcbur olur. 
Molla Nəsrəddin Lətifələri 
  
		
	  |