Günlərin birində Teymur Ləng Mollanı da özü ilə götürüb ova çıxır.
Birdən-birə hava qaralmağa başlayır. Uzaqdan yağış buludu görünür.
Teymur Molladan soruşur:
– Necə baxırsan, Molla, yağış olacaq, olmayacaq?
Molla deyir:
– Deyə bilmərəm, qibleyi-aləm! Mənim münəccimlikdən başım
çıxmaz.
– Elə bu söhbətdə bir də görürlər ki, bir naxır gəlir.
Teymur Mollaya deyir:
– Yeri naxırçıdan soruş, o bilər.
Molla naxırçının yanına gəlib soruşur:
– A kişi, bir de görək yağış olacaq, olmayacaq?
Naxırçı qatırın quyruğunu əlinə alıb, bir o tərəf – bu tərəfinə baxır,
bir tumarlayır, sonra deyir:
– Get ağana de ki, mənim qatırımın verdiyi məlumata görə, bulud
keçib gedəcək, yağış olmayacaq.
Molla qayıdıb naxırçının elədiklərini,dediklərini Teymura danışır.
Teymur deyir:
– Havanı heyvanlar adamlardan yaxşı bilirlər. O ki qatırın
quyruğuna baxıb deyib, demək düzdür. Gedək! Yağış olmayacaq.
Bir qədər gedəndən sonra elə bir yağış başlayır ki, tut yağışdan, çıx
göyə. Teymur hirslənir. Qışqırır Mollanın üstünə ki:
– Bu nədir? Bəs yağış olmayacaq idi?
Molla deyir:
– Qibleyi-aləm, mən demədim ki, yağış olmayacaq. Qatırın quyruğu
göstərdi. Naxırçı xəbər verdi, Siz də təsdiq elədiniz.
Teymur deyir:
– İndi nə eləyək?
Molla deyir:
– Heç nə. Nə eləyəcəksən. Bir hökmdarın ki, münəccimi naxırçı oldu,
havaölçəni də qatırın quyruğu, elə sənin kimi cumculuq olar də...