Bir gün Teymur Ləng Molladan soruşur:
– De görüm, məni nə qədər istəyirsən?
Molla deyir:
– Mən Molla Nəsrəddinəm, sən də qibleyi-aləm Teymur. Demək
ki, mən səni o qədər istəyirəm, nə qədər ki, Molla Nəsrəddin Teymuru
istəyə bilər.
Teymur deyir:
– Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?
Molla:
– Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
Teymur:
– Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?
Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
– Haraya?
Molla cavab verir:
– Qibleyi-aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq
mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim,
sonra gözüm üstə!