Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Olmaz bu ki, hər əmrə dəxalət edə fə’lə,
Dövlətli olan yerdə cəsarət edə fə’lə,
Asudə nəfəs çəkməyə halət edə fə’lə,
Yainki hüquq üstə ədavət edə fə’lə...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Fə’lə, mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Dövlətli, amandır, özünü salma bəlayə,
Fə’lə sözü həqq olsa da, baxma o sədayə,
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,
Öz şə’nini puç eyləmə hər bisərü payə!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Aldanma, fəqirin olamaz əqli, zəkası,
Çün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,
Var köhnə çuxası, dəxi bir təkcə qəbası...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
İstərsən əgər olmağa asudə cəhanda,
Ta olmayasan qəmlərə aludə cəhanda –
Fə’lə üzünə baxma bu bihudə cəhanda,
Öz fikrini çək, ol dəxi fərsudə cəhanda...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Gör millətinin dərdini, axtarma dəvasın,
Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr binasın
Yad eyləmə, şad eyləmə millət füqərasın...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.