Deyilənə görə Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək dünyanın
üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək qərarına gəldi.
Günbatanda bir meşə var idi. Gün arxasına keçəndə kölgəsi günçıxanı
tuturdu. Ağacların gövdəsinə qırx arşın ip-kəndir çatmazdı.
Meşədə Ac adlı bir pəhləvan yaşayırdı. Biləyində öküz zoru var
idi. İş-peşəsi el-obanın ilxısına, naxırına zərər vurmağıydı. Hər
öynədə bir öküz yeyir, üstündən üç tuluq su içib doymurdu.
Nuh Nəbi pəhləvanı yanına çağırdı.
– Sənə doyunca yemək verərəm, – dedi. – Günbatandakı meşədən
bir xeyli ağac kəs.
– Kişi, sən məni necə doyduracaqsan? Bilirsən ki, mən nə
qədər yesəm də, elə acam.
Nuh Nəbi dedi:
– Səbir edib, mən deyənə əməl etsən, mən deyən də olar.
Ac razılaşdı.
Nuh onun gücünə görə də balta düzəltdirdi.
Pəhləvan baltanı götürüb ac qurd kimi meşəyə girişdi. On gün
bəs deyincə kəsib tökdü.
Nuh pəhləvana bir öküz kəsdi. Ətini qızardıb qabağına qoydular.
Pəhləvan öküzün bir budunu yedi, üstündən də bir tuluq su içib
geri çəkildi. Doymağına heyrət etdi.
Nuh Nəbi dedi:
– Pəhləvan, bu, halal zəhmətin qazancıdır. Onun üçün də
doydun. Haram yemək səni doyurmaz.
Pəhləvan o gündən əvvəlki peşəsindən daşındı.
Nuh Nəbi sənətkarlıqda mahir olan yeddi nəfər usta çağırdı.
Əvvəldən gəminin xərcini verib, razı saldı. Ustalar işə başladı. Bir
aydan sonra gəmi hazır oldu.
Bir gün Nuhun arvadı sırfa açıb, xəmir yoğururdu. Durub təndirə
od salmaq istədi. Duvağı qaldıranda quruyub qaldı. Təndir
yarıya kimi suyla dolmuşdu. Arvad gedib əhvalatı ərinə söylədi.
Nuh dedi:
– Get, sırfa-xəmiri yığışdır. Tez ol, dünyanın üzünü su alacaq.
Yol tədarükündə ol. Üç aylıq azuqə götür.
Arvad tədarük gördü. Azuqəni gəmiyə yığdılar. Nuh öz ailəsini,
əlavə də hər heyvandan, quşdan bir cüt götürüb gəmiyə mindi.
Oğlanlarından biri Nuhu eşitmədi.
Dedi:
– Mən uca dağın başına çıxacam.
Nuh gəmidən yenib düşdü oğlunun dalına. Gördü, oğlu ona itaət
eləmir. Qayıtdı mindi gəmiyə.
Qırx gün, qırx gecə yağış yağdı. Bir yağış ki, tut ucundan çıx
göyə. Su qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun
üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı-sonu görünməyən
bir dərya yarandı. Nə qədər canlı vardısa, tələf oldu.
Gəmi Məğribdən Məşriğə üz qoydu. Günlər, həftələr dolandı.
Gəmi bir gün nəyəsə toxunub keçdi. Gövdəsi bərk yırğalandı. Nuh
Nəbi bildi ki, gəmi dağa toxundu.
– Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın.
Odu-budu, dağın adı “Ağrıdağ” qaldı. Başından da qar əskik
olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə:
– Bu da inan dağdı, – dedi.
Bu dağın da adı “İnandağ” oldu. Zirvəsi də zərbədən iki yerə
haçalandı.
Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, təkrar silkələndi.
Nuh gəmidəkilərdən soruşdu:
– Bu dağ o dağdan kəm ki deyil?!
Dağın adına “Kəmki” dedilər. Gəmi burdan aralandı. Tufan da
yavaşıdı.
Bir gün bir siçan gəmini deşdi. Su gəmiyə dolmağa başladı. Nuh
Nəbi gördü ki, gəmi qərq olacaq. Üz tutdu gəmidəkilərə ki, kimin
imkanı var əlac eləsin.
İlan dedi:
– Mən eləsəm, nə verərsən?
Nuh Nəbi dedi:
– Nə istəyirsən?
Dedi:
– Dünyada şirin nədirsə onu.
Nuh Nəbi razı oldu.
İlan quyruğuyla deşiyi tutdu. Qıvrılıb yatdı.
Gəmi bir dağa yan alıb ehmalca qayaya toxundu. Nuh buna
“Gəmiqaya” adı verdi. Gəmidəkilər quruya çıxdılar.
Tufandan sonra bir gün Nuh Mozalana dedi:
– Get, fırlan, gör dünyada şirin şey nədir?
Mozalan havaya qalxdı. Hər otun, çiçəyin, canlının üstünə
qondu. Hər şeydən daddı. Şirin olan bir şey tapmadı. Fikirləşdi ki,
dünyada dadmadığı daha nə qaldı. Yadına düşdü ki, bir insan ətindən
dadmayıb.
Mozalan bir dağa uçdu. Şirin yatmış bir ovçu gördü. Onun ovcunun
içinə yapışıb, ətindən daddı. Gördü ki, şirindi. Geri qayıtdı.
Qaranquşa dedilər ki, get gör Mozalan niyə gecikdi. Qaranquş
Mozalan gedən tərəfə uçdu. Yolda rastlaşdılar. Qaranquş soruşdu:
– Dünyada nə şirindi?
Mozalan dedi:
– İnsan əti.
Qaranquş fikirləşdi ki, bu ixtiyar ilana verilsə, dünyada insan
qalmaz. İstədi Mozalanı dilə tutsun ki, bu sirri açma. Amma fikrindən
daşındı. Dedi ki, birdən bunun faydası olmaz. Odur ki, hiylə
işlətdi. Dedi:
– Gətir dilini dadım, görüm şirindi? Şirin olmasa ilan səni çalar.
Qaranquş Mozalanı aldatdı. Mozalan dilini ona uzatdı. Qaranquş
onun dilini çəkib kökündən qopartdı, qabaqda qaçdı. Gəlib dedi
ki, Mozalan gəlir.
Mozalan gəlib Nuhun qabağında yerə düşdü. Başladı fırlanıb
vızıldamağa. Heç nə anlamadılar. Dedilər: “Yorulub, ya da dilin
şəkər tutub”.
Nuh Nəbi qaranquşdan soruşdu:
– Yolda sən görəndə dili var idi?
Qaranquş cavab verdi:
– Var idi. Dedi ki, dünyada torpaq şirindi.
Nuh Nəbi ilana dedi:
– Torpağı verdim sənə.
İlan qaranquşun hiyləsini duydu. Atılıb onu tutmaq istədi. Qaranquş
uçanda quyruğu keçdi ağzına. Lələyinin ikisini çəkib qopartdı.
O vaxtdan qaranquş haçaquyruq qaldı, xeyir xəbər müjdəçisi oldu.
Mozalan lal olduğundan vızıldamağa başladı. İlan da torpaqda yaşadı.
Rəvayətə görə Nuh Nəbi də oğlanlarıyla Naxçıvanda məskən
saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada
qaldı.