Bir Rüstəm pəhləvan varıymış. Yekə bir adamıymış. Elə yekəymiş
ki, hər qapıya sığışmazmış.
Bir gün Süleyman peyğəmbər deyir: “Nə ki inni-cinni var, hamısını
qonaq çağıracağam”. Hər quşdan ikisini, hər heyvandan ikisini,
hər millətdən ikisini qonaq çağırır.
Hamı gəlir, keçib oturur. Divlərin padşahı da gəlir, o da keçib
oturur. Axırda Rüstəm pəhləvan gəlir. Bir qapıya baxır, bir özünə
baxır, deyir: “Mən burdan nə təhər keçim?” Qapının bir tərəfini
uçurdur, keçir içəri.
Şeytan qaçır Süleyman peyğəmbərə deyir ki, sən Rüstəmi
qonaq çağırmışdın, o da vurdu qapını uçurtdu.
Süleyman peyğəmbər deyir:
– Günah məndədi, Rüstəmdə deyil. Rüstəmi qonaq çağıran
gərək onun qapısını da qoyaydı.
Bir padşah varmış. Bu padşahın bir oğlu olur. Mələklər bu uşağın
hər yerinə əl çəkir, bircə gözlərinə çəkmir. Uşağın adını İsgən-
dər qoyurlar. İsgəndər böyüyüb güclü bir pəhləvan olur. Qabağına
çıxan pəhləvanları qatlayıb dizinin altına qoyur. Bir gün bir pəhləvan
ona deyir ki, oğulsan, get Rüstəmə cavab ver.
İsgəndər gəlib atasından Rüstəmi xəbər alır. Atası deyir, Rüstəm
filan ölkənin pəhləvanıdı, hələ indiyətən onun qabağına çıxan
olmayıb.
İsgəndər deyir:
– Gərək gedəm, Rüstəmlə vuruşam.
Atası çox yalvar-yapış eləyir ki, gəl daşı ətəyindən tök, bu yoldan
qayıt, İsgəndər qulaq asmır, geyinib-kecinib yola düşür. Gəlib
Rüstəmin ölkəsinə çatır. Rüstəmə xəbər eləyirlər ki, bəs filan vilayətdən
İsgəndər adlı bir pəhləvan gəlib, səni davaya çağırır. Rüstəm
dava libasını geyinib ata minir, İsgəndərlə üz-üzə dayanır.
Qılınclaşırlar – bir mətləb hasil olmur. Güləşirlər – bir mətləb hasil
olmur. Rüstəm nə qədər ox atır, heç biri İsgəndərin bədəninə
batmır. İsgəndər neçə ox atır, Rüstəmi neçə yerdən yaralayır.
Axşam düşür. Razılaşırlar ki, davanı sabaha saxlasınlar.
Rüstəm gəlir öz imarətinə, yaralarına məlhəm qoydurur. Ürək
qızdırdığı adamları başına yığır, deyir:
– Bu nə sirdi – nə qədər ox atıram İsgəndərin bədəninə batmır?
Gedib bir baxıcı gətirirlər. Baxıcı deyir:
– İsgəndərin bədəninə mələklər əlini çəkib, onu ancaq gözündən
vurmaq olar.
Səhər açılır. İsgəndərlə Rüstəm yenə davaya çıxırlar. Rüstəm
oxu yaya qoyub atır. İsgəndərin iki gözünün ikisini də vurub çıxardır.
İsgəndər deyir:
– Rüstəm, əgər igidsənsə, mənə bir qalaça tikdir. Qalaçanın
içindən bir zəncir asdır, mən o zəncirdən tutub, qalaçanın içində
gəzim. Hərdən özün də gəl, söhbət eləyək, fikrim dağılsın.
Rüstəm razılaşır. Qalaçanı tikdirməyə başlayanda baxıcı deyir:
– Rüstəm, qalaçaya iki qapı qoydur. İsgəndərin yanına gedəndə
görəcəksən ki, İsgəndər qollarını qaldırıb, zənciri aşağı çəkmək
istəyir. Onda sən o biri qapıdan çıxarsan eşiyə.
Qalaça hazır olur. İsgəndər zəncirdən tutub, qalaçada gəzibdolanır.
Bir gün Rüstəm İsgəndərin yanına gəlir. Söhbət eləməyə
başlayırlar. Rüstəm görür ki, İsgəndər yavaş-yavaş qollarını yuxarı
qaldırır. Rüstəm yavaşca ikinci qapıdan eşiyə çıxır. İsgəndər zənciri
çəkib, qalaçanı öz başına uçurdur. Daş-qayanın altında qalıb ölür.
Əsatirlər, Əfsanə və Rəvayətlər
|